Oktyabrın isti keçməsi payız əkinlərinin yaxşı getməsinə səbəb olub
Bakı, 25 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yaydığı məlumata görə, bu ay son on ilin ən isti oktyabrıdır. Normalda oktyabrın orta aylıq temperaturu 16-17 dərəcə arasında dəyişməlidir. Lakin buna baxmayaraq bu ilin oktyabrında havanın orta aylıq temperaturu 23-27 dərəcə təşkil edib. Bu isə iqlim normasına uyğun hesab olunmur.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənovun dediyinə görə, oktyabrın isti keçməsinin səbəbi ölkəmizə müxtəlif hava kütlələrinin daxil olmasıdır: “Azərbaycana səkkiz istiqamətdən hava kütləsi gəlir və onların hər biri təkrarlanması və davamiyyətindən asılı olaraq müəyyən meteoroloji şərait yaradır. Son dövrlər həm Bakıda, həm də aran rayonlarında cənub istiqamətindən gələn hava kütlələri üstünlüyə malik olub”.
Onun verdiyi məlumata görə, payızın ikinci ayında havaların xoş keçməsi meteohəssas insanların səhhətinə o qədər də mənfi təsir göstərmir.
Məhərrəm Həsənovun isti havanın əkin torpaqlarının məhsuldarlığının artmasına da səbəb olacağını bildirib: “Havaların belə keçməsi payız əkinlərinin daha yaxşı getməsinə şərait yaradır. Ayın əvvəlində yağışlı günlər oldu və bunun nəticəsində torpağın məhsula rütubəti artdı. Bunun ardınca isti günlərin gəlməsi payızlıq dənli bitkilərin daha tez cücərməsi və daha möhkəm gövdəyə malik olmasına səbəb olur”.