OLJAS SÜLEYMENOV BAKI DÖVLƏT UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADINA LAYİQ GÖRÜLMÜŞDÜR
Görüşün iştirakçıları əziz qonağı və xanımını alqışlar və gül dəstəsi ilə qarşılamışlar.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Abel Məhərrəmov çıxış edərək, ixtisasca geoloq olmasına baxmayaraq, şərqşünaslıq və türkologiyada mötəbər söz sahibi olan Oljas Süleymenovun həyat yolu barədə məlumat vermiş, yaradıcılığını təhlil etmişdir. Rektor minnətdarlıqla xatırlatmışdır ki, tanınmış şair və publisist Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Azərbaycanın haqq səsini dünyaya yayır. Xalqımız 1990-cı ilin Qanlı yanvar günlərində Oljas Süleymenovun göstərdiyi fədakarlığı heç vaxt unutmayacaqdır. Sovet ordusunun Bakıya yeridilməsinin ikinci günü qazax xalqının böyük oğlu artıq bizim yanımızda idi və çıxışları ilə işğalçıları mühakimə edirdi.
Sonra rektor bildirmişdir ki, xalqlarımız arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi, ədəbiyyatın, mədəniyyətin, elmin və təhsilin inkişafı sahəsində xidmətləri nəzərə alınaraq universitet elmi şurasının qərarı ilə Oljas Süleymenova təhsil ocağının fəxri doktoru adı verilmişdir.
A.Məhərrəmov müvafiq diplomu, mantiyanı və 70 illik yubileyi ilə bağlı qiymətli hədiyyəni O.Süleymenova təqdim etmişdir.
Oljas Süleymenov ictimai-siyasi fəaliyyətinə verilən yüksək qiymətə, haqqında deyilən xoş sözlərə görə təşəkkür etmişdir. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini, dövlətimizin başçısının Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görüldüyünü və bu mükafatı şəxsən Prezidentin əlindən qəbul etdiyini minnətdarlıqla xatırlamış, iqtisadi inkişafın sürətinə görə regionda lider olan Azərbaycanın və Qazaxıstanın daha böyük nailiyyətlər qazanacağına əminliyini bildirmişdir.
Görüşdə Qazaxıstanın ölkəmizdəki səfiri Andar Şukputov iştirak etmişdir.