OLJAS SÜLEYMENOVUN 70 İLLİK YUBİLEYİ BAKIDA QEYD EDİLMİŞDİR
Klubda möhtərəm qonağı və xanımını hörmətlə, mehribanlıqla qarşıladılar.
Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Prezident İlham Əliyevin Oljas Süleymenovun 70 illik yubileyi ilə əlaqədar “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında bu il mayın 17-də imzaladığı Sərəncamı, dövlətimizin başçısı tərəfindən bu gün qəbul olunduğunu və ona ordenin təqdim edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Baş nazirin müavini Elçin Əfəndiyev, Yazıçılar Birliyinin sədri Anar, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Oljas Süleymenovun ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi yolunda xidmətlərindən, Qazaxıstanın müstəqilliyinin əldə olunmasında rolundan danışmış, onun zəmanəmizin böyük şair və ictimai xadimlərindən biri olduğunu qeyd etmişlər.
Natiqlər ümummilli lider Heydər Əliyevin O.Süleymenovun yaradıcılığına, şəxsiyyətinə, vətəndaş mövqeyinə dərin hörmət bəslədiyini xatırlatmışlar. Onlar görkəmli qazax şairinin 1990-cı ilin Qanlı Yanvar günlərində itkilərimizlə bağlı Azərbaycan xalqının ağrı-acısını ilk bölüşən ictimai xadimlərdən biri olduğunu, o günlər xəstəliyinə baxmayaraq, təyyarə ilə Bakıya gəldiyini, sovet ordusunun törətdiyi cinayətləri öz gözü ilə gördüyünü yada salmış, baş vermiş hadisə haqqında həqiqətlərin məhz O.Süleymenov kimi şəxsiyyətlərin cəsarəti sayəsində dünya ictimaiyyətinə çatdırıldığını vurğulamışlar.
O.Süleymenovun bütün türk dünyasının şairi, ictimai xadimi olduğu bildirilmiş, onunla bağlı xatirələr söylənmişdir.
Tədbirdə Oljas Süleymenovun həyat və yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə həsr olunmuş film göstərilmiş, onun Azərbaycan dilinə tərcümə edilmiş şeirləri oxunmuş, tanınmış müğənnilərimizin ifasında mahnılar səslənmişdir.
Yubilyara Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü vəsiqəsi, ədəbiyyatımızın təbliğınə görə Rəsul Rza Fondunun mükafatı təqdim edilmiş, çoxsaylı hədiyyələr verilmişdir.
Gecədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavini Bahar Muradova, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Qazaxıstanın ölkəmizdəki səfiri Andar Şukputov, deputatlar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.