Ölkəmizdə ilk dəfə olaraq xəstələrin həyat keyfiyyətinin qiymətləndirilməsi üzrə tədqiqat aparılır
Bakı, 6 mart, AZƏRTAC
Bu günlərdə İran İslam Respublikasında dünyanın 20-dək ölkəsindən gələn cərrahların iştirak etdiyi üz-çənə cərrahlarının beynəlxalq konfransı keçirilib.
Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda ölkəmizi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov, ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov, assistent Fərman Həsənov və rezident Fərinaz İrannejad təmsil ediblər.
Dünya cərrahlarının toplantısında təqdimatla çıxış edən Məhəmməd Davudov deyib: “Konfrans iştirakçılarının nəzərinə çatdırdığım əsas məsələ ağız və üz-çənə xərçəngi olan xəstələrdə həyat keyfiyyətinin qiymətləndirilməsi ilə əlaqədar idi. Bu, son zamanlar bütün dünyada müzakirə olunan ən aktual məsələlərdən biridir. Ümumiyyətlə, müxtəlif xəstəliklərdən müalicə alan xəstələrin həyat keyfiyyəti göstəricilərinin hansı vəziyyətdə olması çox əhəmiyyətli məsələdir. Son dövrlərdə baş, boyun və ağızda olan şişlərin müalicəsinin əsas nəticəsi kimi məhz bu faktora diqqət yetirirlər”.
O, universitetin Tədris Cərrahiyyə Klinikasında tətbiq olunan yenilik barədə də məlumat verib. Onun sözlərinə görə, Avropa Xərçəng Əleyhinə Mübarizə və Müalicə Cəmiyyəti xəstələrdə həyat keyfiyyətinin qiymətləndirilməsi üzrə düzəltdiyi xüsusi anketlər dünyanın bir çox ölkələrində istifadə olunur. Cərrah öz təşəbbüsü ilə həyat keyfiyyətinin qiymətləndirilməsi üzrə xüsusi anketlərin Azərbaycan dilində tərcüməsini təşkil edib: “Həmin təşkilatın rəsmi razılığını alandan sonra prosedur qaydalarının protokoluna uyğun olaraq sorğu anketinin tərcüməsi ilə məşğul olduq. Anketin tərcümə olunması, uyğun variantın mütəxəssislər tərəfindən təsdiqlənməsi təxminən 9 ay çəkdi. Artıq biz də həmin sorğu anketi əsasında xəstələrlə əlaqədar tədqiqat işləri apara bilərik”.
Qeyd edək ki, həmin sorğu anketləri ölkəmizdə ilk dəfə olaraq Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi şöbəsində və Onkoloji Klinikanın baş-boyun şöbəsində tətbiq olunur.