Ölməmişik hələ varıq – şəhid adlı canlılarıq
Bakı, 21 yanvar (AZƏRTAC). Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı Nizami Rayonu İcra Hakimiyyətində (RİH) “Ölməmişik hələ varıq - şəhid adlı canlılarıq” adlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbirdə çıxış edən Nizami RİH-in başçısı Tahir Budaqov 20 Yanvarın müasir Azərbaycanın tarixində xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını bildirmişdir. T.Budaqov bu qanlı hadisəyə hüquqi-siyasi qiymətin verilməsində və şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi qeyd etmişdir.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva 20 Yanvar şəhidlərinin qəhrəmanlığının heç vaxt unudulmayacağını, onların əziz xatirəsinin daim uca tutulacağını qeyd etmişdir. Bildirilmişdir ki, 20 Yanvarın tarixi xalqımızın azadlıq mübarizəsinin, cəsarətinin sübutu baxımından çox əhəmiyyətlidir.
Tədbirdə çıxış edənlər 20 Yanvarın xalqımızın azadlıq tarixindəki əhəmiyyətindən danışmışlar.
Sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etmişdir.