OMBUDSMAN KİYEVDƏ KEÇİRİLMİŞ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
Tədbirdən məqsəd uşaq hüquqlarının daha etibarlı təmin edilməsi sahəsində fəaliyyət göstərən müstəqil institutların rolunu, uşaq hüquqlarının müdafiəsi üzrə tərəfdaşlıq strategiyasını müəyyənləşdirmək olmuşdur.
Konfransda Elmira Süleymanova respublikamızda uşaqların vəziyyətindən danışmış, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkə ərazisinin beşdə bir hissəsinin işğal olunduğunu, bir milyon qaçqın və məcburi köçkünün üçdə bir hissəsini uşaqların təşkil etdiyini və onların əsas insan hüquqlarının uzun illər boyu pozulduğunu, normal təhsil, səhiyyə və s. xidmətləri ala bilmədiklərini söyləmişdir. O, müharibə və hərbi münaqişələrdən zərər çəkən uşaqların taleyinə xüsusi diqqət yetirilməsinin və regionda sülhün bərqərar olmasının zəruriliyini vurğulamış, beynəlxalq təşkilatların diqqətini xalqımızın bu ağrılı probleminin həllinə yönəltmişdir.
Səfər çərçivəsində E.Süleymanova Xarkov şəhərindəki Beynəlxalq Slavyan Universiteti nəzdində Azərbaycan dili, tarixi, mədəniyyəti və iqtisadiyyatının öyrənilməsi üzrə qrupların açılışı mərasimində iştirak etmiş, ukraynalı tələbələrlə və bu ölkədəki diasporumuzun nümayəndələri ilə görüşmüş, Azərbaycan həqiqətləri ilə bağlı kitabları, diskləri, həmçinin Ombudsman təsisatının hüquqi nəşrlərini soydaşlarımıza təqdim etmişdir.