Ön xətt bölmələrində mədəni-kütləvi tədbirlər keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli keçirilməsi məqsədilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi tərəfindən ön xətt bölmələrində mədəni-kütləvi tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmənlə təmas xəttində yerləşən bölmələrdə keçirilən görüşlərdə müxtəlif mövzularda söhbətlər aparılıb, şəxsi heyət üçün musiqili proqramlar təqdim olunub və vətənpərvərlik filmləri nümayiş etdirilib.
Tədbirlər zamanı “ASAN xidmət”in təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi çərçivəsində orta məktəb şagirdlərinin hərbi qulluqçulara yazdıqları məktublar oxunub və hərbçilər tərəfindən cavablandırılıb.