Onlayn müsabiqə: Vətən müharibəsi BDU tələbələrinin gözü ilə
Bakı, 18 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetində “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” adlı onlayn rəsm müsabiqəsi keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə uzun illər həsrətində olduğumuz əzəli Vətən torpağının səfalı təbiətini, rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsini, əsgərlərin döyüş ruhunu əks etdirən əsərlər qəbul olunur. Rəsmlərin işlənmə texnikası sərbəstdir. Müsabiqəyə təqdim olunan rəsmlərin aşağı sağ küncündə tələbənin adı, soyadı, təhsil aldığı fakültə qeyd olunmalıdır.
Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər. Rəsmlər (skan olunmuş formada) müəllifin tələbə vəsiqəsinin surəti ilə birlikdə 2021-ci il yanvar ayının 15-dək [email protected] ünvanına göndərilməlidir. Təqdim olunmuş rəsmlər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcək: birinci yer 300, ikinci yer 250, üçüncü yer 200 manat. Qalib elan edilmiş rəsmlər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaq.
Ətraflı məlumat əldə etmək istəyənlər (+994 50) 986 84 44 telefon nömrəsiylə əlaqə saxlaya bilərlər.