Ortoped-travmatoloq Cəfər Nəsirli: Cərrah narahatlığı bitmir
Bakı, 6 mart, AZƏRTAC
Ortoped-travmatoloq Cəfər Nəsirli bir neçə il qardaş Türkiyədə çalışıb və indi Azərbaycan Tibb Universitetinin travmatologiya şöbəsinin müdiri işləyir. AZƏRTAC xəbər verir ki, o, klinikanın mətbuat xidmətinə verdiyi müsahibədə sınıq və çıxıqlar zamanı sınıqçılara üz tutulması ilə qətiyyən razılaşmayaraq deyib: “Tibbin yüksək inkişaf etdiyi indiki dövrdə çıxan nahiyəni yumurtadan hazırlanmış təpitmə ilə sarıyıb onun sağalmasını gözləmək nə dərəcədə düzgündür? Kortəbii şəkildə sınıq və çıxığı yerinə qoymaq onun ətrafında olan əzələ, damar və vətərlərə zərər vermək deməkdir. İndi hər yerdə klinika, xəstəxanalar, müasir diaqnostika mərkəzləri ola-ola elementar tibbi biliyi olmayanın qapısını döymək sonradan fəsadlara səbəb olur”.
Ortoped-travmatoloq İstanbulda Cərrahpaşa İnstitutunda təcili yardım həkimi işləyərkən üzləşdiyi bir hadisəni xatırlayıb: “Yıxılaraq qolunu sındıran 6-7 yaşlı bir uşağı xəstəxanaya gətirmişdilər. Valideynləri onu əvvəlcə sınıqçının yanına aparmışdılar. Sınıqçı taxta qoyub zədələnmiş qolu sarıyandan sonra həmin nahiyə bir neçə gündə qapqara qaralmışdı. Taxta onun qolunu o qədər sıxmışdı ki, qan dövranı pozulmuş, bir neçə gün həmin vəziyyətdə qaldığından qol artıq yararsız hala düşmüşdü. İş o yerə çatmışdı ki, onun qolunu dirsəkdən aşağı amputasiya etmək məcburiyyətində qaldıq”.
Cərrah uşaqlar arasında skolioz xəstəliyi haqqında danışarkən deyib: “ Skoliozun piylənmədən tutmuş qohum nikahlara, şagirdlərin partada düzgün oturmamasına qədər bir çox səbəbləri var. Uşaqların orta məktəbdə idman hərəkətlərini düzgün yerinə yetirməməsi, çantanı belinə yanlış tərzdə götürməsi, dərs hazırlayarkən stulda normal oturmaması müəyyən vaxtdan sonra bel və onurğa sütunu xəstəliklərinə aparıb çıxarır. Həmin xəstəliklərdən biri də skoliozdur. Skolioz bəzən irsi, bəzən endipatik, bəzən digər xəstəliklərlə əlaqədar olur. Skolioz onurğanın forma pozğunluğudur və onu vaxtında müalicə edib idman hərəkətləri, korreksiyaedici korsetlər vasitəsilə qarşısını almaq mümkündür. Bunlara vaxtında əməl etməyəndə cərrahi müdaxiləyə ehtiyac yaranır.
İnkişaf etmiş ölkələrdə yeni doğulan uşaqların valideynləri ilk həftədə ortopedin və travmatoloqun məsləhətini alırlar. Azyaşlı uşaqlarda ən çox rast gəlinən ayaq biləyinin əyriliyi, düz dabanlıq və ayaq çıxıqlarıdır. Həmin hallar ilk həftədə aşkar ediləndə çox sadə üsullarla, adi bir manipulyasiya ilə düzəlir və tam sağalır. Təəssüf ki, bizdə çox vaxt ortoped və travmatoloqun yanına uşaq yeriməyə başlayanda axsadığını görəndən sonra gəlirlər. Halbuki anadangəlmə çıxıqlar 1 yaşına qədər, hətta daha tez aşkar edilsə, onu adi bir manipulyasiya və korsetlə yoluna qoymaq mümkündür. Amma bir il sonra həmin problemin yoluna qoyulması asan olmur. Hətta çox vaxt onu ancaq cərrahi yolla bərpa etməkdən başqa çıxış yolu qalmır”.
Ortoped-travmatoloqun dediyinə görə, əməliyyatlarda edilən səhvin geriyə dönüşü yoxdur. Skolioz əməliyyatı zamanı kiçik bir səhv əlilliyə, yaxud süni oynaqlar köçürüləndə millimetr qədər yanlışlıq xəstənin axsamasına və şikəstliyinə səbəb olur. Ona görə də həddindən artıq diqqət tələb olunur.
Bəzi aptek və ayaqqabı dükanlarında ortopedik ayaqqabı satılması ilə bağlı elanlar vurulmasına toxunan həkim bildirib:”Ayaqqabının içinin bir az qabarıq olması onun ortopedik olması demək deyil. Ortopedik ayaqqabıların standart ölçüləri var, onlar xüsusi olaraq düzəldilir və mağazalarda satılmır”.
Boy uzatma əməliyyatları barədə ortoped-travmatoloq belə deyib: ”Bir əməliyyatla boyu 4-5 santimetr uzatmaq olur. Burada təkcə sümük deyil, sinir və damarlar uzadılmalıdır və bunu yalnız gündə 1 millimetr uzatmaq mümkündür. Boyun bundan artıq uzadılması toxumalara zərər vurur. Yadımdadır ki, Türkiyədə işləyərkən cırtdanboylu bir xəstənin boyunu 8 dəfə əməliyyat aparmaqla 40 santimetr uzatdıq”.
Cərrah bir dəfə 19 yaşlı bir qızın ayağı üzərində apardığı əməliyyatı da xatırlayıb: “Əməliyyatdan sonra xəstə hər iki ayağını hərəkət etdirdi və mən hər şeyin yaxşılığa doğru olduğunu düşünüb otağıma getdim. Bir az keçəndən sonra reanimasiyadan çağırdılar ki, xəstə sol ayağını tərpədə bilmir. Reanimasiyaya gedib qızın ayağını diqqətlə yoxladım, qətiyyən hərəkət yox idi, amma hissiyyat var idi. Təzədən ayağı MRT etdik, buradakı və xaricdəki həmkarlarımla məsləhətləşmələr apardım. Türkiyədə təcrübəli bir həkim həmkarım dedi ki, əgər hissiyyat varsa, narahat olma, dərhal fizioterapevtik müalicəyə başla. Fizioterapiyaya başladıq və düz 40 gündən sonra qız yeriməyə başladı. Amma xəstə yeriyənə qədər nələr çəkdiyimi bir özüm bilirəm. Sonradan öyrəndim ki, əməliyyatdan əvvəl də onda ayaq tutulması varmış. Lakin valideynlər bunu gizlədərək həm məni, həm də özlərini çətin vəziyyətə salmışdılar”.
“Cərrah narahatlığı heç vaxt bitmir. Hətta uğurlu əməliyyatdan sonra da ürəyinə min cür fikir gəlir. Çox vaxt xəstənin yaxınları əməliyyatdan sonra hər şeyin arxada qaldığını düşünərək heç bir narahatlıq hissi keçirmir, bir sıra təhlükəli və incə məsələlərdən xəbərsiz olduqlarına görə onun sağalmasını gözləyirlər. Cərrah isə xəstə ayağa qalxıb normal yeriyənə qədər min dəfə, milyon dəfə narahat olur. Xəstə öz ayağı ilə gəlib təşəkkür edəndə bütün yorğunluğumu unuduram,”-deyə cərrah söhbətinə yekun vurub.