“ÖZBƏKİSTAN-AZƏRBAYCAN: ƏMƏKDAŞLIQ MÖHKƏMLƏNİR”
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, materialın əvvəlində deyilir: “Müstəqillik illərində Azərbaycanda həyatın bütün sahələrində mühüm dəyişikliklər baş vermişdir. Ölkə beynəlxalq aləmdə daha çox tanınmağa başlayır. Görkəmli siyasi lider Heydər Əliyevin oğlu İlham Əliyevin dövlət başçısı seçilməsi respublikanın həyatında mühüm hadisəyə çevrilmişdir. O, böyük siyasi və dövlət xadimi Heydər Əliyevin işini inamla davam etdirir. Özbəkistan-Azərbaycan əlaqələri getdikcə möhkəmlənir. Bu günlərdə İlham Əliyevin Özbəkistana səfəri gözlənilir və bu səfər zamanı ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi və dərinləşməsi məsələləri müzakirə olunacaq. Səfər müddətində Azərbaycan səfirliyinin yeni binasının, Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin və görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin abidələrinin açılışı olacaq”.
Sonra qəzet Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyovla müsahibə vermişdir. Müsahibənin bəzi hissələrini oxucuların nəzərinə çatdırırıq.
“Bu gün Azərbaycan intensiv inkişaf edir. Ölkədə keçirilən siyasi və iqtisadi islahatlar qısa müddətdə bütün sahələrdə böyük uğurlar qazanmağa imkan vermişdir. Genişmiqyaslı energetika layihələrinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir, iqtisadiyyata qoyulan milyonlarla dollar investisiyalar Azərbaycan xalqının rifahı halını yaxşılaşdırır. Son illər ərzində daxili ümumi xammalın həcmi hər il orta hesabla 10 faiz yüksəlmişdir. İnflyasiyanın həcmi 2-3 faiz təşkil edir. İqtisadiyyata qoyulan xarici sərmayənin həcminə görə Azərbaycan MDB məkanında və Şərqi Avropa dövlətləri arasında əvvəlinci yerlərdən birini tutur.
Xüsusi qeyd etmək istəyirəm ki, Odlar yurdunun inkişafında yeni mərhələ 1991-ci ildə Azərbaycanın ümummilli lideri H.Əliyevin respublikaya qayıdışı ilə bağlıdır. Onun gəlişi ilə ölkənin siyasi həyatında sabitlik yaranmış, insan hüquqlarının qorunması üzrə davamlı siyasət yeridilməyə başlanmış, xalqın həyat səviyyəsi yüksəlmişdir”.
Böyük İpək Yolu və Azərbaycanın neft sahəsindən danışan səfir demişdir: “Respublikada sərmayə qoyuluşu üçün əlverişli şərait yaranmışdır. Böyük ipək Yolunun dirçəlməsi ilə bağlı Azərbaycana sərmayə axını daha da artmışdır. Yeni nəqliyyat dəhlizi bu gün Mərkəzi Asiya, Gürcüstan və Avropanı birləşdirir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisi başa çatdıqdan sonra Azərbaycan və Qazaxıstan nefti Aralıq dənizi limanlarına yola salınacaq. Dövlət Neft Şirkəti dünyanın 14 ölkəsi ilə 20-dən artıq müqavilə bağlamışdır. Yeni yataqların mənimsənilməsi Azərbaycana 740 milyon ton neft çıxarmağa imkan verəcək.
“Şərq-Qərb” energetika dəhlizinin inkişafının mühüm amillərindən biri “Şahdəniz” yatağından Gürcüstan ərazisi ilə Türkiyəyə qaz göndərilməsidir. Son 7 il ərzində xarici sərmayədarlar Azərbaycana 2 milyard dollar vəsait qoymuşlar. Bunun da əsas hissəsi ABŞ, Böyük Britaniya və Türkiyə şirkətlərinin payına düşür”.
Səfir daha sonra demişdir: “Azərbaycan və Özbəkistan xalqları arasında dostluq əlaqələrini 1996-cı ildə Özbəkistan prezidenti İslam Kərimovun Bakıya səfəri möhkəmləndirmiş, 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Daşkəndə rəsmi səfəri isə daha da dərinləşdirmişdir.
İki dövlət arasında indiyədək 80-dən çox müqavilə və saziş imzalanmışdır.
Azərbaycan və Özbəkistan bir çox beynəlxalq layihələrdə iştirak edirlər. Bunlardan ən mühümü TRASEKA layihəsidir. İki qardaş dövlət beynəlxalq aləmdə də fəal əməkdaşlıq edirlər.
Əminəm ki, İlham Əliyevin Özbəkistana səfəri ikitərəfli əməkdaşlığı daha da möhkəmləndirəcək, Özbəkistan və Azərbaycan xalqları arasında dostluq əlaqələrini dərinləşdirəcəkdir”.