SİYASƏT
Özbəkistanın dövlət müstəqilliyinin 22-ci ildönümü qeyd edilmişdir
Daşkənd, 1 sentyabr (AZƏRTAC). Özbəkistanın dövlət müstəqilliyinin 22-ci ildönümü ilə əlaqədar bölgələıdə, eləcə də Daşkənddə xalq gəzintiləri təşkil edilmiş, park və meydanlarda teatrlaşdırılmış tamaşalar göstərilmişdir.
Paytaxtın Babur parkı Daşkənddə fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərinin ixtiyarına verilmişdi.
Özbəkistan paytaxtındakı Azərbaycanın Mədəniyyət Mərkəzləri də Babur parkında keçirilən bayram şənliyində yaxından iştirak etmişlər. Tədbirə paytaxtda yaşayan soydaşlarımız, azərbaycanlı tələbələr, digər xalqların nümayəndələri qatılmışlar.
Tədbirdə Azərbaycanın və Özbəkistanın dövlət bayraqları, milli musiqi alətləri və məişət əşyaları, həmçinin qədim xalçalarımız, milli suvenirlər nümayiş etdirilmiş, tamaşaçılar Azərbaycan plovu və müxtəlif şirniyyatlarımıza qonaq edilmişdir. “Azəri qızları” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa etmişlər.
Heydər Əliyev adına Azərbaycan mədəniyyət mərkəzinin direktoru Samir Abbasov bildirmişdir ki, Özbəkistanda 60 minə yaxın azərbaycanlı yaşayır. Onlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır. Müstəqillik günü onların da sevimli bayramlarından biridir. Özbəkistan vətəndaşları olan soydaşlarımızın hüquqları ölkə Konstitusiyası və qanunları ilə qorunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd