POLŞADA AZƏRBAYCANLILARIN YERLİ CƏMİYYƏTƏ İNTEQRASİYASINDA DİASPOR TƏŞKİLATLARININ ROLU MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Bakı, 8 aprel (AZƏRTAC). Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Polşanın paytaxtı Varşavada “Xarici ölkələrdə yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasında diaspor təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Polşanın dövlət, qeyri-hökumət təşkilatlarının, Azərbaycanın bu ölkədəki səfirliyinin, türk icma və birliklərinin, digər azsaylı xalqların və Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər. Polşalı hüquqşünaslar soydaşlarımıza onların hüquqları, gələcəkdə təşkilatlanma sahəsində görülməsi zəruri olan işlər, bu sahədə Polşa hökumətinin verə biləcəyi dəstək və bütün bunları tənzimləyən hüquqi sənədlər barədə ətraflı məlumat vermişlər. Tədbirdə iştirak edən Dövlət Komitəsinin əməkdaşları komitənin xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində müxtəlif ölkələrdə gördüyü işlər barədə danışmışlar.
Tədbirdə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Biz Azərbaycanlıyıq” filmi nümayiş olunmuşdur.
Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə onların vahid mərkəzdə birləşdirilməsi məsələsi də müzakirə mövzusu olmuşdur. Bu məqsədlə Polşa Azərbaycanlıları Assosiasiyasının yaradılması qərara alınmışdır və qurum aprelin sonlarında təsis olunacaqdır.
Tədbirin sonunda Azərbaycanın Polşadakı səfirliyinin təqdim etdiyi 31 mart - Azərbaycanlıların soyqırımı ilə əlaqədar bəyanat oxunmuş və konfrans iştirakçılarının imzası ilə hadisəyə düzgün qiymət verilməsi üçün Varşavada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiliklərinə, xarici ölkələrin səfirliklərinə və Polşanın müxtəlif dövlət qurumlarına göndərilmişdir.
######
