Prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
Bakı, 6 mart, AZƏRTAC
Binəqədi Gənclər Evi Sosial Xidmətlər müəssisəsində “İlk dəfə səs verirəm” mövzusunda maarifləndirici tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə prezident seçkilərində ilk dəfə səs verəcək gənclər iştirak ediblər.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva aprelin 11-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri barədə məlumat verib, bütün seçiciləri fəal olmağa çağırıb.
Gənclərimizin cəmiyyətdəki rolunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Kənan Firdovsioğlu dövlətin gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov dövlətin gənclər, kütləvi bədən tərbiyəsi və idman siyasəti sahələri üzrə görülən işlərdən danışıb. O, Azərbaycan gənclərinin vətənpərvər olduqlarını, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini diqqətə çatdırıb. Vurğulanıb ki, haqq səsimizi dünyaya bəyan edən, mötəbər beynəlxalq yarışlarda uğurlar qazanaraq üçrəngli bayrağımızı yüksəyə qaldıran gənclər dövlət tərəfindən daim qayğı ilə əhatə olunur.
Gənclərin savadlı, bilikli olmalarının, onların informasiya-kommunikasiya texnologiyalarını, habelə xarici dilləri mükəmməl bilmələrinin zəruriliyini vurğulayan R.Abbasov bunun üçün Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev təmsil etdiyi qurumun seçki hüququ ilə bağlı həyata keçirdiyi maarifləndirici layihələr barədə məlumat verib. Bu istiqamətdə maarifləndirici tədbirlərin coğrafiyasının genişləndirilməsinin vacibliyini vurğulayan İ.Vəliyev bildirib ki, prezident seçkilərində hər kəsin fəal iştirakı və səsvermə hüququndan faydalanması dövlətin müstəqilliyinin möhkəmlənməsinə birbaşa dəstəkdir.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Nağıyevin “Seçki qanunvericiliyi: hüquqlarımız və vəzifələrimiz” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi seçki prosesində iştirak edəcək gənclərin hüquq və vəzifələrindən danışıb, seçki hüququnun hüquqi əsası kimi çıxış edən Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin bir sıra müddəalarının mahiyyətini diqqətə çatdırıb.
Sonda gənclərin sualları cavablandırılıb.