PREZİDENT TƏQAÜDÇÜSÜNUN FƏRDİ YARADICILIQ SƏRGİSİ AÇILMIŞDIR
Tədbirdən əvvəl iştirakçılara vaxtilə uşaq və yeniyetmələrin toplantısında “Qızıl kitab”ın təsisçisi ulu öndərimiz Heydər Əliyevin bu kitabın əhəmiyyəti barədə çıxışı yazılmış videolentdən fraqment təqdim olunmuşdur.
Muzeyin direktoru İsrafil İsrafilov mərasimi açaraq mədəniyyətimizə, o cümlədən istedadlı uşaqlara ümummilli liderimizin göstərdiyi diqqət və qayğıdan, bu sahədə uzaqgörən siyasətindən danışmışdır. Bildirmişdir ki, bir neçə il bundan əvvəl Prezident təqaüdü verilərək adı “Qızıl kitab”a yazılmış uşaqlar etimadı doğruldur, ali təhsil almaqla yanaşı, ölkədaxili və beynəlxalq müsabiqələrdə layiqincə çıxış edirlər.
Əli Cəfər barədə danışan natiq diqqətə çatdırmışdır ki, yaşının az olmasına baxmayaraq, bu, onun 6-cı fərdi sərgisidir. Təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirən rəssamın sərgidə 50-dən artıq işi nümayiş olunur.
Mərasimdə Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov və başqaları Əli Cəfəri təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışlar.
Tədbirdə adları “Qızıl kitab”a yazılmış, Prezident təqaüdçüləri - pianoçu Ülviyyə Dadaşovanın, vokalçılar Surxay Əsgərov və Amil Həsənoğlunun ifasında müsiqi parçaları səslənmişdir.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak etmişdir.