Professor: Azərbaycan və Gürcüstan tarixin ciddi sınaqlarından keçiblər
Tbilisi, 14 mart, AZƏRTAC
Bu gün regionda və dünyada çox mühüm proseslər gedir. Bu günlərdə Azərbaycanda "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda keçirilən X Qlobal Bakı Forumunda da çox mühüm, beynəlxalq əhəmiyyət kəsb edən məsələlər müzakirə olundu.
Bu proseslər fonunda münasibətlərimizə yenidən nəzər salmaq, ikitərəfli və çoxtərəfli strateji tərəfdaşlığımızın daha da genişlənməsi, möhkəmlənməsi üçün birgə addımları, bu istiqamətdə qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin rolunu müzakirə etmək çox vacibdir. Bu baxımdan bu gün Tbilisidə “Regional və qlobal proseslərin dinamikası kontekstində Gürcüstan və Azərbaycan strateji tərəfdaşlığının perspektivləri” mövzusunda keçirilən dəyirmi masa da yaxşı tədbirdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində dəyirmi masanın iştirakçısı Gürcüstan Dövlət Universitetinin professoru Nikolay Cavaxişvili söyləyib.
Onun sözlərinə görə, Azərbaycan ilə Gürcüstan müstəqilliklərini bərpa etdikdən sonra tarixin ciddi sınaqlarından keçiblər. “Müstəqilliyimizi bərpa etdikdən sonra da biz biri-birimizə söykənərək çox böyük inkişaf yolu keçmişik. Yaxşı bilirik ki, biz bir-birimizə lazımıq, əməkdaşlıq əlaqələrimiz, strateji tərəfdaşlığımız daha da möhkəmlənməlidir. Bizim əhatəmizdə Rusiya, Türkiyə və İran kimi böyük dövlətlər var. Biz onlarla müqayisədə ərazi baxımından kiçik ölkələrik. Ona görə də biz birlikdə olmalıyıq, strateji tərəfdaşlıq münasibətlərimizi nəinki qorumalı, həm də daha da genişləndirməliyik”, - deyən alim bildirib.
N.Cavaxişvili, həmçinin vurğulayıb ki, SSRİ dağıldıqdan sonra müstəqilliyini bərpa edən ölkələrin BMT tərəfindən tanınmış əraziləri var. Bu dövlətlər həmin sərhədlər çərçivəsində möhkəmlənməli və inkişaf etməlidir. Sülh, sabitlik və davamlı inkişaf da məhz dövlətlərin sərhədləri çərçivəsində bərqərar olmalıdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi