PROKURORLUQ İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD ETMİŞLƏR
Sonra Respublika Prokurorluğunda təntənəli mərasim keçirilmişdir.
Peşə bayramı və yubiley münasibətilə prokurorluğun əməkdaşlarını və veteranlarını təbrik edən Baş prokuror Zakir Qaralov demişdir ki, zəngin dövlətçilik ənənələri olan Azərbaycanın milli dəyərlərinə və tarixi keçmişinə daim dərin hörmətlə yanaşan ulu öndər Heydər Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncamda prokurorluq orqanlarına dövlət qayğısı öz ifadəsini tapmış, müstəqil inkişaf yolu seçmiş cəmiyyətimizdə prokurorluğun yeri və roluna münasibət bildirilmişdir.
Hazırda öz inkişaf tarixinin yeni yüksəliş mərhələsini yaşayan müstəqil Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm iqtisadi layihələr və regional inkişaf proqramlarının reallaşdırılması nəticəsində böyük uğurlar əldə edilmiş, ölkəmiz regionda lider dövlətə çevrilmişdir.
Baş prokuror bildirmişdir ki, prokurorluq işçilərinin peşə bayramı günü ərəfəsində ölkə Prezidentinin əməkdaşların böyük bir qrupunun yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamlar imzalaması bütün prokurorluq işçilərinin hədsiz sevincinə səbəb olmuşdur. Bütün bunlara görə prokurorluğun kollektivi adından səmimi minnətdarlığını bildirən Z.Qaralov dövlətimizin başçısını əmin etmişdir ki, Azərbaycan Prokurorluğu öz işini ona göstərilən etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi işində səylərini əsirgəməyəcəkdir.
Baş prokuror demişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il aprelin 26-da respublika prokurorluğu orqanlarının rəhbər işçiləri ilə keçirdiyi tarixi görüşdən sonra dövlət başçısının tövsiyə və göstərişlərinə müvafiq olaraq görülən tədbirlər nəticəsində indi Azərbaycan Prokurorluğu normal fəaliyyəti üçün mütərəqqi normativ hüquqi bazaya, demokratik məzmunlu iş prinsipləri və metodlarına malik dövlət təsisatına çevrilmişdir. Prokurorluq orqanlarının sıralarının saflaşdırılması, işdə mövcud olan mənfi təzahürlərin və çatışmazlıqların aradan qaldırılması, müasir tələblərə cavab verən kadr korpusunun formalaşdırılması istiqamətində qətiyyətli tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.
Ölkəmizin dinamik sosial-iqtisadi inkişafı və Azərbaycanda demokratiyanın bərqərar edilməsi sahəsindəki məqsədyönlü siyasətin uğurlarının əsas şərtlərindən biri olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquqları və azadlıqlarının müdafiəsi üçün bundan sonra da bütün mümkün tədbirlər görüləcəkdir.
Azərbaycan Prezidentinin sərəncamları ilə təltif edilənlər adından çıxış edən respublika prokurorluğunun idarə rəisi Çingiz Məmmədov, Sumqayıt şəhər prokuroru Dağlar Zeynalov və başqaları dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmiş, göstərilən etimadı doğrultmaq üçün daha səylə, məsuliyyətlə çalışacaqlarını vurğulamışlar.
Sonra xidməti vəzifələrini nümunəvi yerinə yetirən bir qrup əməkdaşın Baş prokurorun əmri ilə mükafatlandırıldığı bildirilmiş, onlara döş nişanları, fəxri fərmanlar, hədiyyələr, vaxtından əvvəl rütbələr verilmişdir.
Mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.