Qadın badmintonçumuz III Avropa Oyunlarında çıxışını başa vurub
Krakov, 29 iyun, AZƏRTAC
Badmintonçumuz Keişa Fatimə Zəhra Polşada keçirilən III Avropa Oyunlarında qadınların şəxsi yarışında növbəti görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz səkkizdəbir finalda İsveçrə təmsilçisi Jenjira Stadelmanla qarşılaşıb. Badmintonçumuz rəqibinə 1:2 (21-16,12-21,15-21) hesabı ilə uduzub. Keişa Fatimə Zəhra bu nəticə ilə Olimpiya təsnifat mərhələsində 2750 reytinq xalları toplayıb.
Qeyd edək ki, badminton yarışları Avropa Oyunları daxilində qitə çempionatı statusu daşıyır və dünya çempionatından sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ən yüksək reytinq xalları verir.