Qadın əməyi ilə yetişən sağlam gələcək, Aronia ilə gələcək
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) regionlarda kənd təsərrüfatı ilə məşğul olan qadınların inkişaf meyillərini dəstəkləmək, qadınları yeni təsərrüfat sahələri ilə tanış etmək və ucqar kəndlərdə yaşayan qadınların rifahını yaxşılaşdırmaq istiqamətində yeni bir təşəbbüsü dəstəkləyərək sosial əhəmiyyətli əməkdaşlıq üzrə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, assosiasiyanın üzvləri və Türkiyənin “Kozberi” şirkətinin nümayəndələri iştirak ediblər.
Görüşdə “Kozberi” şirkəti tərəfindən ölkəmizə gətirilən və becərilməsinə başlanılan Aronia giləmeyvəsi, onun insan sağlamlığı üçün faydaları, becərilmə xüsusiyyətləri, regionlardakı qadınların bu yeni məhsulun əkilib-becərilməsinə cəlb edilməsi, qadınların sağlam yatırıma qoşulmaqla əldə edə biləcəkləri imkanlar ətraflı müzakirə olunub. Kənd qadınlarını yeni məhsul istehsalına başlayaraq öz kollektiv bizneslərini şaxələndirməyə və gəlirlərini artırmağa səsləyən bu sənəd “Kozberi” şirkətinin rəhbəri Bəhrəm Orucəliyev və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qəmbərova tərəfindən imzalanıb.
Həyata keçiriləcək fəaliyyətlərə müxtəlif regionları təmsil edən 51 Qadın İnkişaf və Müəssisə Qrupu üzvləri ilə görüşlərin keçirilməsi, fermer qadınlara ölkəmiz üçün yeni olan Aronia giləmeyvəsi, onun faydaları və becərilməsi istiqamətində dəstək göstərilməsi və eyni zamanda, sağlamlığa dəstək verəcək sağlam yatırımın yaradılmasında onlara istiqamət verilməsi daxildir.