QADINLAR VƏ KİŞİLƏR ARASINDA BƏRABƏRLİK ÜZRƏ RƏHBƏR KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Avropa Şurasının qadınlar və kişilər arasında Bərabərlik üzrə Rəhbər Komitəsinin (CDEG) Strasburqda 33-cü sessiyası keçirilmişdir. Sessiyaya Avropa Şurasının (AŞ) üzvü olan ölkələrin ekspertləri dəvət olunmuşlar. Tədbirdə Azərbaycanı Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Möminat Ömərova təmsil etmişdir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sessiyada Avropa Şurasının gələn ilin iyun ayında İsveçdə keçiriləcək VI Nazirlər Konfransında qəbul olunacaq qətnamə müzakirə edilmiş, bu qurumun 2006-cı il üçün fəaliyyət planı barədə məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Avropa Şurası Nazirlər Kabinetinin qəbul etdiyi tövsiyələrin üzv ölkələrdə həyata keçirilməsindən söhbət getmişdir.
Sessiyada Möminat Ömərova CDEG sədrinin müavini seçilmişdir.