“QADINLAR VƏ MÜHARİBƏ” MÖVZUSUNDA FOTOSƏRGİ AÇILMIŞDIR
Bu münasibətlə keçirilən mərasimdə BQXK-nın ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Meri Vernts sərginin məqsədini açıqlamışdır. O, müharibə dövrünü yaşamış və onun faciəvi nəticələri ilə üz-üzə gəlmiş qadınların həyatı haqqında məlumatların yayılmasının və bu barədə məlumatların artırılmasının vacibliyini vurğulamışdır. M.Vernts BQXK-nın müharibə qurbanlarının vəziyyətinin yaxşılaşdırılması və onların müdafiəsi istiqmətində gördüyü işlər barədə də danışmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komtəsinin sədri Hicran Hüseynova Ermənistanın Azərbaycana təcavüzünün nəticələri barədə danışmışdır. O, statistik məlumatlara əsaslanaraq bildirmişdir ki, münaqişə zonasında itkin düşmüş 4844 nəfərin 321-ü qadın, 54-ü isə uşaqdır. 17 il ərzində isə 338 qadın əsirlikdən azad edilmişdir. Komitə sədri qeyd etmişdir ki, 46 azərbaycanlı qadının əsirlikdə olması faktı ermənilər tərəfindən danılır. Münaqişə nəticəsində 1 milyondan artıq insan qaçqın və köçkün vəziyyətində yaşayır ki, onların da 420 mindən çoxu qadındır.
H.Hüseynova tədbirin əhəmiyyətini vurğulamış, belə sərgilərin təşkil edilməsinin humanizm ideyalarının təbliğ edilməsində xüsusi rolunu diqqətə çatdırmışdır.
Sonda sənədli film nümayiş etdirilmişdir.
Sərgi sentyabrın 25-dək davam edəcəkdir.