Qala qəsəbəsində aksiya zamanı 300 ağac əkilib
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qala qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
“Dendrologiya Bağı” publik hüquqi şəxsin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyada Bakı şəhəri və Abşeron yarımadasında yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi məqsədilə həyata keçirilən aksiyada icra qurumlarının əməkdaşları və könüllülər də iştirak edib.
Ərazi daş və digər tullantılardan təmizlənərək əkin üçün hazır vəziyyətə gətirildikdən sonra həmin sahəyə aksiya iştirakçıları tərəfindən paytaxtın iqlim şəraitinə uyğun olaraq seçilmiş 300 Eldar şamı və sərv ağacı əkilib.
Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.