“QANIN KLİNİK İSTİFADƏSİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Konfransın məqsədi qanköçürmə təcrübəsində bütöv qanın istifadəsindən qan komponentlərinin istifadəsinə keçidin təmin edilməsindən ibarət olmuşdur.
Tədbiri giriş sözü ilə səhiyyə naziri Əli İnsanov açaraq bu sahədə ölkədəki vəziyyətdən, problemlərdən, perspektivlərdən danışmışdır. Əli İnsanov Azərbaycanda qanköçürmə xidmətlərinin müasir səviyyədə qurulması və qan bankının yaradılması işində göstərdikləri yardıma görə BMT-nin Azərbaycandakı əlaqələndiricisi Marko Barsottiyə, Dünya Səhiyyə Təşkilatına, Norveç hökumətinə minnətdarlığını bildirmişdir.
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli bu istiqamətdə qanunvericilik bazasının yaxşılaşdırılması üçün qəbul edilmiş qanunlar haqqında məlumat vermişdir.
Tədbirdə BMT-nin Azərbaycandakı əlaqələndiricisi Marko Barsotti, Norveçin Azərbaycandakı səfiri Steynar Gil, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Fərman Abdullayev, Azərbaycan “Qızıl Aypara” cəmiyyətinin icraçı katibi Elxan Rəhimov, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev çıxış etmişlər.
Konfransda Azərbaycanın və Norveçin tanınmış səhiyyə işçiləri “Müasir zamanda qanın klinik istifadəsi və qan bankının xidmətləri”, “Klinik praktikada transfuzion terapiya”, “Transfuziya reaksiyalarının profilaktikası, diaqnostikası və müalicəsi” və “Milli transfuziologiya xidmətlərinin gələcək inkişafı” mövzularında məruzə etmişlər. Məruzələrdən sonra geniş müzakirələr keçirilmişdir.