Qanunsuz bəbir ovçusu 9 min manat məbləğində cərimə olunub
Bakı, 12 oktyabr, AZƏRTAC
Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarına əsasən bəbirin qanunsuz ovu üçün təbiətə dəymiş ziyan 3000 manat, dövlət təbiət qoruqlarının və milli parkların ərazilərində bəbirin qanunsuz ovu baş verdikdə isə həmin məbləğ 3 qat ölçüdə tətbiq olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Astara rayonunun Sım kənd sakini Böyükzadə Natiq Nəbi oğlu adı Azərbaycanın “Qırmızı Kitab”ına salınmış bəbir növünü Hirkan Milli Parkının sərhəd zonasında qanunsuz ovladığına görə 9 min manat məbləğində cərimə olunub. Bununla əlaqədar Baş Prokurorluğa təqdim olunması üçün ETSN tərəfindən müvafiq sənədləşmə işi aparılır.
Dövlət Sərhəd Xidməti əməkdaşlarının yüksək peşəkarlığı nəticəsində qanun pozucusu saxlanılıb ki, buna görə bütün şəxsi heyətin təbiətə sədaqəti xüsusi qeyd olunmalıdır.
Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin mühafizəsi ilə bağlı aparılan tədbirlər sırasında bəbirin qorunması xüsusi yer tutur. Bu nadir növ Ümumdünya Təbiəti Mühafizə İttifaqının (İUCN) “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib. Son 10 il ərzində aparılmış tədqiqatlar nəticəsində bəbirlərin Hirkan meşələrində, Zəngəzur silsiləsində, Darıdağ, Nehrəmdağ və Dərəşamda, Mingəçevir su anbarının şimalında Axar-Baxar silsiləsində yaşaması müəyyən edilib. Respublika ərazisində bəbirlərin 15-ə qədər fərdi yaşayır.
Bəbirin mühafizəsində ən effektiv tədbir xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilərək ekoloji şəbəkənin yaradılmasıdır. Məhz bəbirin yaşam arealı hesab edilən bir sıra qorunan ərazilərin sahəsi iki dəfəyədək genişləndirilib, qanunvericilikdə bəbirin ovlanmasına görə cəza tədbirləri sərtləşdirilib, 2009-cu ildə isə “Bəbirin Azərbaycan Respublikası ərazisində Mühafizə Strategiyası Fəaliyyət Planı” qəbul edilib.
Ötən 5 il ərzində Milli Fəaliyyət Planının həyata keçirilməsi nəticəsində bəbirlərin və onların qida obyektlərinin monitorinqi aparılıb, maneələrin dəf edilməsi və dəhlizlərin yaradılması üzrə strategiya işlənilib, təhlükələrin azaldılması, əhalinin maarifləndirilməsi istiqamətində işlər görülüb.
Eyni zamanda, son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılığı altında IDEA İctimai Birliyinin Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş fauna növlərinin qorunmasını əhatə edən "Böyük beşlik" proqramı çərçivəsində gördüyü işləri, xüsusən bəbirin mühafizəsi ilə bağlı aparılan tədbirlərini xüsusi qeyd etmək lazımdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın incisi sayıla biləcək nadir bəbir növünün ovlanması faktını qətiyyətlə pisləyir, əhalini bioloji müxtəlifliyə qayğı ilə yanaşmağa, brakonyerlik faktları ilə hamını mübarizə aparmağa çağırır.