Qanunsuz miqrasiyaya qarşı “Roma prosesi”nə başlanılıb
Roma, 24 iyul, AZƏRTAC
Aralıq dənizi və Afrikada qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə “Roma prosesi” adlı təşəbbüsə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində keçirilən Aralıq dənizi və Afrikada qeyri-qanuni miqrasiyanın qarşısının alınması mövzusunda beynəlxalq konfransda qəbul olunub. Bu, miqrasiya məsələləri üzrə iştirakçı ölkələrin öhdəlikləri ilə İtaliyanın çoxillik prosesə başlamaq məqsədilə Aralıq dənizində mərkəz rolunu oynadığı xarici siyasət təşəbbüsüdür.
Konfransın 22 bənddən ibarət yekun bəyanatında bildirilir ki, iştirakçılar insan alveri ilə mübarizə və qanuni miqrasiyanın təşviqi yollarını müzakirə ediblər. Həmçinin kollektiv fəaliyyət üçün strateji, hərtərəfli və çoxillik platformanın - “Roma prosesi”nin təşəbbüskarı olmaq barədə razılıq əldə edilib.
İtaliyanın Baş naziri Ciorcia Meloni indiyədək əməkdaşlıq etməyən ölkələri təşəbbüsə qoşulmağa çağıraraq bildirib ki, İtaliya Aralıq dənizi və Afrikada aparıcı rol oynamaq üçün lazımi gücə sahibdir. Birləşmiş Ərəb Əmirlikləri isə əməkdaşlıq təşəbbüsünü dəstəkləmək üçün 100 milyon avro vəsait ayırdığını elan edib.
Konfransda Aralıq dənizi, Yaxın Şərq və Afrikada qeyri-qanuni miqrasiya axınları ilə bağlı çətinliklərin öhdəsindən gəlmək üçün ümumi səylərin artırılması, bundan əlavə, sosial-iqtisadi inkişaf, yoxsulluqla mübarizə, sosial müdafiə, enerji, səhiyyə, su və sığınacaq, qanuni miqrasiya yollarının inkişaf etdirilməsi qərara alınıb.
Qeyd edək ki, ikigünlük konfransda Avropa Komissiyası və Avropa İttifaqı Şurasının rəhbərləri, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Mavritaniya, Liviya və Kiprin dövlət başçıları, Liviya, Efiopiya, Misir, Malta, İordaniya, Nigeriya, Əlcəzair və Livanın baş nazirləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma