ELM VƏ TƏHSİL
“Qarabağ: mülahizələr və düşüncələr” kitabının təqdimatı olub



Bakı, 28 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarı keçirilib. Seminar iştirakçıları əvvəlcə Vətən şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə çıxış edən institutun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov Vətən müharibəsində Azərbaycan Ordusunun öz tarixi torpaqlarını düşmən tapdağından azad etdiyini və bununla da 30 illik Qarabağ həsrətinə son qoyulduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, “Dəmir yumruq” erməni terrorçularına yerini göstərdi. Xalqımız öz şəhid övladlarını heç zaman unutmayacaq, onların əziz xatirəsi daim ürəklərdə yaşayacaq.
Sonra Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyev “Qarabağ: mülahizələr və düşüncələr” adlı kitabını təqdim edib. Kitabın elmi redaktoru coğrafiya elmləri doktoru Zakir Eminov, rəyçilər coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər İsmayıl Quliyev və Zaur İmranidir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu monoqrafiyada müəllifin son illərdə Qarabağa dair dərc olunmuş yazıları toplanıb. Burada 44 günlük Vətən müharibəsi ərəfəsində xalqımızın vətənpərvərlik ruhu, Qarabağın maddi-mənəvi sərvətləri, faydalı qazıntıları, toponimləri, işğaldan azad olunması və inkişaf perspektivləri haqqında düşüncə və təkliflər, Qarabağ dağlarında tədqiqatlar apararkən müəllifin müşahidə etdiyi hadisələr və s. haqqında yazılar təqdim edilir.
Monoqrafiya haqqında fikirlərini bildirən şöbə müdirləri, coğrafiya üzrə fəlsəfə doktorları Müseyib Yunusov, Habil Haqverdiyev və başqaları çıxışlarında bu kitabın elmi əhəmiyyətini xüsusi qeyd ediblər.