Qaxda quşçuluq təsərrüfatında nöqsanlar aşkarlanıb
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Qax rayonunun Almalı kəndində fiziki şəxs Məmmədov Səxavət Rəcəb oğluna məxsus quşçuluq təsərrüfatında yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı quşçuluq təsərrüfatında sanitariya norma və qaydalarının, gigiyena tələblərinin pozulduğu, həmçinin baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmadığı aşkarlanıb.
Müvafiq təmizlik işlərinin aparılmadığı, quşların planlı şəkildə kliniki və laborator müayinələrdən keçirilmədiyi, baytarlıq nəzarəti tədbirlərinin görülmədiyi, havalandırma sisteminin qurulmadığı, istifadə edilən alət və avadanlıqlar üçün yuma sahələrinin olmadığı, işçi heyətin dövri olaraq tibbi müayinəsinin aparılmadığı, onların xüsusi geyimdən istifadə etmədiyi və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.