Qazaxda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Qazax, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Qazaxda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar rayonda keçirilən silsilə tədbirlərin davamı olaraq faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək Xocalı soyqırımının ermənilərin əsrlər boyu öz havadarları ilə birlikdə türklərə və azərbaycanlılara qarşı həyata keçirdikləri təcavüzkar siyasətin nəticəsi kimi qiymətləndirmişdir. Bildirmişdir ki, bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Qeyd edilmişdir ki, soyqırımının törədildiyi vaxt dünya ictimaiyyətinin diqqəti bu dəhşətli faciəyə yönəldilməli və hadisəyə hüquqi-siyasi qiymət verilməli idi. Lakin Azərbaycanın o vaxtkı hakimiyyəti tərəfindən bunların heç biri edilmədi. Qanlı Yanvar hadisələri kimi, bu soyqırımına da yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verilmişdir.
Çıxışlarda vurğulanmışdır ki, Xocalı soyqırımı bizim qan yaddaşımızdır. Buna görə biz erməni daşnaklarının əsl niyyətlərini və faciə haqqında həqiqətləri dünya ictimaiyyətinə geniş şəkildə çatdırmalı, xarici düşmən qüvvələrin ölkəmizə və xalqımıza qarşı yönələn təxribatlarının qarşısını almaq məqsədlə ölkəmiz daxilində möhkəm birlik yaratmalı, Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi gücləndirməliyik.
Sonda Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında yazıçı-dramaturq Hüseynbala Mirələmovun Xocalı soyqırımından bəhs edən “Xəcalət” tamaşası göstərilmişdir.