“Qazaxıstan ilə Azərbaycanın əlaqələri strateji xarakter daşıyır” - Serik Jumanqarin
Bakı, 7 aprel AZƏRTAC
Bakıda keçirilən ticarət missiyası çərçivəsində dəyəri 55 milyon dollardan çox olan səkkiz saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Qazaxıstanın baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin deyib. O bildirib ki, qarşılıqlı ticarət dövriyyəsinin 500 milyon dollar həcmində olması aşağı göstəricidir. Azərbaycanın və Qazaxıstanın ticarət dövriyyəsini yüksəltmək üçün kifayət qədər potensialları var və dəyəri 55 milyon dollardan artıq olan səkkiz sənədin imzalanması dövriyyənin artmasına səbəb olacaq.
O, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 19-cu iclasının uğurlu keçdiyini diqqətə çatdıraraq qeyd edib ki, Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində məhdudlaşdırıcı faktorların aradan qaldırılmasında maraqlıdır. Həmçinin dəhliz çərçivəsində əməkdaşlığın effektivliyini artırmaq üçün Azərbaycanla Qazaxıstan arasında birgə müəssisənin yaradılmasının vacibliyini söyləyib.
Qazaxıstan ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayan S.Jumanqarin, iclasda iqtisadiyyatdan başqa turizm, mədəniyyət, rabitə, kənd təsərrüfatı, sənaye, qarşılıqlı sərmayə yatırımı sahələrində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərinin müzakirə olunduğunu bildirib.