QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NURSULTAN NAZARBAYEVƏ
Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Sizin seçkilərdə qazandığınız qələbə dövlətçiliyin və hüquq qaydasının möhkəmlənməsinə, cəmiyyətin həyatının bütün sahələrində demokratik dəyişikliklər aparılmasına yönəldilmiş xəttinizin bütün xalq tərəfindən dəstəkləndiyinə şəksiz sübutdur. Ürəkdən şadam ki, dost Qazaxıstan müstəqilliyə qovuşduqdan sonra Sizin rəhbərliyinizlə əsaslı siyasi və sosial-iqtisadi islahatların həyata keçirilməsində, dünya birliyinə dinamik inteqrasiyada böyük uğurlara nail olmuşdur.
Əminəm ki, birgə səylərimiz gələcəkdə də Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq, mehriban qonşuluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı surətdə faydalı əlaqələrimizə yönəldiləcəkdir.
Hörmətli Nursultan Abişoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 dekabr 2005-ci il.