Qazaxıstanda keçirilən görüşlər əməkdaşlığın inkişafında mühüm addımdır
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan beynəlxalq aləmdə nüfuzunu və etibarlı tərəfdaş imicini gücləndirir. Prezident İlham Əliyevin Qazaxıstana səfəri və orada aparılan danışıqlar, əldə edilən razılaşmalar bunun növbəti təzahürüdür.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri siyasi elmlər doktoru, professor Ziyafət Həbibova söyləyib. Z.Həbibova bildirib ki, Azərbaycan liderinin “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir” kimi dəyərləndirdiyi Qazaxıstan səfəri həqiqətən də yalnız özünə güvənən və öz gələcəklərini müstəqil şəkildə quran iki ölkənin tərəfdaşlıq tarixində yeni səhifədir. Səfər çərçivəsində Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər fonunda regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsinə dair razılıq əldə edilib.
“Dünyada və bölgədəki yeni reallıqlar fonunda gerçəkləşdirilən səfər zamanı keçirilən görüşlər və aparılan müzakirələr, Astanada Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçənin açılışı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin, xalqın milli maraqlarına uyğun müstəqil siyasətini, Azərbaycanın inkişafı və tərəqqisi naminə atılan çox mühüm addımları bir daha nümayiş etdirir”, - deyə professor Z.Həbibova vurğulayıb.
O, qeyd edib ki, bütövlükdə Qazaxıstan səfəri türkdilli dövlətlərin yeni siyasi, iqtisadi, humanitar birliyinin formalaşdırılması, bu dövlətlərin yeni qlobal çağırışlara cavab olaraq tərəfdaşlıqlarının yeni səviyyəyə yüksəldilməsi istiqamətində önəmli bir addım kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti ölkənin xarici siyasətində yeni reallıqlara əsaslanan addımlar atmaqla yeni tarix yazır.