QAZAXISTANDAKI MƏŞHUR KOK-TÜBE DAĞI AŞAĞI SÜRÜŞÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sürüşmə nəticəsində dağın ətəyində yerləşən yaşayış evləri torpağın altında qala bilər.
Hazırda bu əraziyə heç kim buraxılmır. Həcmi 150 min kubmetr olan dağ bu ilin fevralından yavaş-yavaş çökməyə başlamışdır. Uzunluğu 150 metr, dərinliyi 10 metr olan böyük çat Kok-Tübeni ikiyə bölmüşdür. Canına su hopmuş torpaq ağırlığa davam gətirməyərək yarım metr aşağı çökmüşdür. İki kafe və kanat yolunun 37 il bundan əvvəl tikilmiş beton binövrəsi yarı bölünmüşdür. Kok-Tübe qəsəbəsinin Saxariyev kücəsində yaşayan 500-ə yaxın sakin təhlükə ilə üzləşidlər. Onların evləri dağın ətəyində yerləşir. Əgər torpaq sürüşsə, məhz bu evlərin üstündən keçəcək.
Hazırda dağın zirvəsində fövqəladə hallar üzrə agentliyin mütəxəssisləri və Dövlət Geoloji Tədqiqatlar İnstitutunun əməkdaşları iş aparırlar. Başlıca vəzifə torpağın çökməsinin qarşısını almaqdır. Bunun üçün onlarca quyu qazılmalı və bu quyular yüksək təzyiq altında betonla doldurulmalıdır. Mütəxəssislərin fikrincə, belə tədbirlər çökmənin və sürüşmənin qarşısını alacaq.