ELM VƏ TƏHSİL
Qazaxıstanın “CodiPlay” startapı Azərbaycanda təqdim olunub
Astana, 2 dekabr, AZƏRTAC
Məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına yönəlmiş Qazaxıstanın “CodiPlay” startapı hazırda müxtəlif ölkələrdə 450-dən çox təhsil müəssisəsini əhatə edir.
AZƏRTAC Qazaxıstan Respublikası Baş nazirinin rəsmi informasiya resursunun mətbuat xidmətinə istinadla xəbər verir ki, “CodiPlay” layihəsinin təqdim olunduğu ölkələr sırasında Azərbaycan, Böyük Britaniya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Türkiyə də var.
Qazaxıstan məktəblərində texnologiyanın tətbiqi üzrə işlər aparılır. Bu ilin sonuna qədər Türküstan bölgəsində 10 təhsil təşkilatı “CodiPlay” ekosisteminə qoşulacaq, daha sonra 2025-ci ildə Aktobe və Qaraqanda vilayətləri də daxil olmaqla daha 60 müəssisəni ehtiva edəcək.
“CodiPlay” bütün dünyada uşaqlar arasında İT savadlılığını artırmaq üçün hərtərəfli həldir və onlara əyləncəli oyunlar vasitəsilə proqramlaşdırmanı öyrənməyə imkan verir.
Elşən Rüstəmov
AZƏRTAC-ən xüsusi müxbiri
Astana