“QAZTRANSOYL” BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİNƏ QOŞULMUŞDUR
“QazTransOyl” qapalı səhmdar cəmiyyətinin baş direktor müavini Sabir Esimbekov Almatıda keçirilmiş mətbuat konfransında bildirmişdir ki, “hazırda “QazTransOyl” QSC “Qazmunayqaz” holdinqinin bir hissəsi kimi, Bakı-Tbilisi-Ceyhan layihəsi üzərində işdə iştirak edir, işçi qrupu bu layihəyə fəal surətdə qoşulmuşdur və onun üzərində işləyir”.
O demişdir: “Qazaxıstan Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulmaq barədə siyasi qərar qəbul etmişdir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İstanbul bəyannaməsini imzalamaqla ölkəsinin bu layihədə iştirak etmək arzusunu təsdiqləmişdir”. S.Esimbekov əlavə etmişdir ki, “hazırda məsələ yalnız Qazaxıstan neft şirkətlərinin bu layihədə öz nefti, yoxsa, elmi-texniki layihələri ilə əməli iştirakından ibarətdir.”
“Qazaxıstan-press” informasiya agentliyinin məlumatına görə, Bakı-Tbilisi-Ceyhan marşrutuna dair ilkin tədqiqatlar göstərmişdir ki, 20 milyon tona qədər neftin tankerlərlə daşınması iqtisadi cəhətdən səmərəlidir. Sualtı boru kəmərinin tikilib-tikilməməsi Qazaxıstan neftinin həcmindən asılı olacaqdır.
“QazTransOyl” QSC-nin məlumatına görə, neft şirkətləri və institutları bu il Qazaxıstan neftinin ölkənin qərbindən Bakıya daşınmasının mümkün yollarını tədqiq etmişlər. Sabir Esimbekov vurğulamışdır ki, “Aktau və Bakı limanlarını birləşdirən boru kəmərinin 7 və ya 8 variantı mövcuddur”. Onun sözlərinə görə, son qərar məhz neftin həcmi və bu regionun ekoloji xüsusiyyətləri baxımından qəbul ediləcəkdir.