Qəbələ rayonunun ekoloqları peşə bayramlarını qeyd etmişlər
Qəbələ, 24 may (AZƏRTAC). Qəbələ rayonunun ekoloqları peşə bayramlarını qeyd etmişlər.
AZƏRTAC xəbər verir ki, rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinin kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, Ulu Öndərin xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hər il mayın 23-də qeyd olunduğunu bildirmişlər.
Qeyd edilmişdir ki, təbiətin mühafizəsi, insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi hazırda ölkədə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Ölkədə yeni yaşıllıqlar salınır, flora və faunanın mühafizəsi istiqamətində davamlı işlər aparılır. Çıxışlarda vurğulanmışdır ki, sağlam ətraf mühit ideal gələcəyin təminatıdır. İndiki və gələcək nəsillərin sağlamlığının təminatı, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ekoloqların qarşısında duran başlıca məsələlərdir.
Bildirilmişdir ki, bu ilin yaz mövsümündə plana uyğun olaraq rayonun Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında 30 hektar sahədə mədəni meşəliklər salınmışdır. Əraziyə qoz, şabalıd, akasiya, vələs, göyrüş, ağcaqayın, palıd, fıstıq və digər qiymətli ağac növlərindən olan tinglər əkilmişdir. Rayon meşələrin mühafizəsi və bərpası müəssisənin kollektivi 4,5 hektar sahədə yeni tinglik salmışdır. Hazırda orada 450 min ədəd ting yetişdirilir. Payızda daha 30 hektar ərazidə mədəni meşəliklərin salınması nəzərdə tutulmuşdur. Yeni salınan meşə zolaqlarındakı ağacların ətrafı alaqdan təmizlənmiş, digər zəruri mühafizə tədbirləri görülmüşdür.
Tədbirdə bir qrup meşə təsərrüfatı işçisinə fəxri fərmanlar verilmişdir.
Daha sonra rayon ərazisindəki tingçilik sahəsində ekoloqların iştirakı ilə iməcilik təşkil edilmişdir.