Qərb Universitetində “Səfir saatı” proqramı çərçivəsində növbəti görüş
Bakı, 4 dekabr, Elvira Məmmədova, AZƏRTAC
Qərb Universiteti “Səfir saatı” proqramı çərçivəsində ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə əməkdaşlıq əlaqələri qurur, diplomatların tələbələrlə görüşlərini təşkil edir.
AZƏRTAC xəbər verir ki, dekabrın 4-də “Səfir saatı”nın növbəti qonağı Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman olub.
Tədbirdə bu ali təhsil ocağının professoru Fikrət Sadıqov səfirin diplomatik fəaliyyəti barədə məlumat verib.
Sonra Nasir Əbdülkərim Əbdürrəhman “Fələstin dövlətinin tanınması və Orta Şərqdə sülh” mövzusunda məruzə ilə çıxış edib.
Diplomat, həmçinin tələbələrə iki ölkə arasındakı tarixi və mədəni əlaqələrdən danışıb, sualları cavablandırıb.