İQTİSADİYYAT
QİƏT ÖLKƏLƏRİ MEA PREZİDENTLƏRİ ŞURASININ İLK İCLASI
Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin Milli Elmlər Akademiyaları (MEA) Prezidentləri Şurasının Kiyevdə keçirilən ilk iclasında iştirak etmişdir. İclasda MEA rəhbərləri ilə yanaşı, QİƏT-in baş katibi Valeri Çeçelaşvili, Beynəlxalq Qara dəniz tədqiqatları mərkəzinin baş direktoru Yannis Papanikolau da iştirak edirdilər.
Şuranın sədri, Ukrayna MEA-nın prezidenti, akademik Boris Patonun apardığı iclasda bildirilmişdir ki, QİƏT ölkələri MEA nümayəndələrinin bu ilin aprelində Afinada keçirilmiş konfransında Şuranın yaradılması Qara dəniz regionu dövlətlərinin ictimai həyatında əlamətdar hadisəyə çevrilmiş, dünya və region elminin nailiyyətlərinin bu dövlətlərin milli iqtisadiyyatlarının mənafeyinə cəlb edilməsinə yönəldilmiş akademiyalararası əməkdaşlığın inkişafında mühüm addım olmuşdur.
İclasda Şuranın səlahiyyətləri haqqında Əsasnamənin layihəsi qəbul edilmiş, Beynəlxalq Qara dəniz tədqiqatları mərkəzinin Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasına cəlb olunmuş üzv qəbul edilməsi, 2004-cü ildə Türkiyədə QİƏT ölkələri MEA nümayəndələrinin konfransının keçirilməsi haqqında qərar qəbul olunmuşdur.
Respublika MEA-nın prezidenti Mahmud Kərimov Azərbaycan Prezidenti Heydər Əliyevin adını daşıyan Kiyev Beynəlxalq Münasibətlər və Sosial Elmlər İnstitutunda təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür.