Qırğızıstan portalı Azərbaycan Prezidentinin Ağdama səfərindən yazıb
Bişkek, 31 may, АZƏRTAC
Qırğızıstanın “turktoday.info” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Ağdama səfəri ilə bağlı AZƏRTAC-ın materiallarını rus dilində yayıb.
Materiallarda bildirilib ki, Prezident İlham Əliyev Ağdama səfəri zamanı Bərdə-Ağdam avtomobil yolunun, şəhərdə inşa olunacaq ilk yaşayış binasının təməlini qoyub, meşə-parkında ağac əkib, Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində olub.
Eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısının Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq əraziyə gedib, 1 saylı məktəbin yeni binasının təməlini qoyub, Qiyaslı kənd məscidində olub, şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek