Qırğızıstan Prezidenti bu ölkədə səfərdə olan Türkiyənin xarici işlər nazirini qəbul edib
Bişkek, 10 mart, АZƏRTAC
Qırğızıstan Prezidenti Sadır Japarov bu ölkədə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
AZƏRTAC Qırğızıstan Prezidentinin informasiya siyasəti şöbəsinə istinadla xəbər verir ki, görüşdə ölkələr arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Qırğızıstan Prezidenti bildirib ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur və bu müddətdə Qırğızıstanla Türkiyə arasında sıx dostluq və əməkdaşlıq mühiti yaradılıb. Dövlət başçısı ölkələr arasında müxtəlif sahələrdə birgə müəssisələrin yaradılmasını, əsasən də kənd təsərrüfatı, toxuculuq, dağ-mədən sənayesi, hidroenergetika və digər sahələrdə əməkdaşlığın inkişafından məmnun olduğunu bildirib. Prezident bu layihələrin davam etdirilməsi və yaxın illərdə ölkələr arasında əmtəə mübadiləsinin həcminin 1 milyard dollara çatdırılmasına ümid etdiyini bildirib.
Mövlud Çavuşoğlu Türkiyə Prezidentinin salamlarını və xoş arzularını çatdırıb, ölkələr arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek