QOCAMAN RƏSSAMIN FƏRDİ SƏRGİSİ
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, şair Fikrət Qoca, əməkdar rəssam Ənvər Qarayev ustadı sərginin açılışı münasibətilə təbrik etmişlər.
Abdulağa Babayev Səttar Bəhlulzadəni öz müəllimi sayır. Həmyaşıdı və dostu olmuş mərhum rəssamla onu möhkəm tellər, ən başlıcası isə böyüyüb boya–başa çatdıqları doğma Abşerona dərin məhəbbət hissləri bağlayırdı.
Ekspozisiyada 60-dək əsər nümayiş olunur. Rəssamın Səttar Bəhlulzadənin sağlığında naturadan çəkilmiş portretləri – böyük sənətkarın misilsiz boyakarlıq nümunələri yaradan tanış barmaqları, bənzərsiz profili və iti baxışları diqqəti cəlb edir.
Abşeron mənzərələrinin, süjetlərin (tut ağacı, lalələr) işıqlı, şəffaf rənglərində Səttar Bəhlulzadə məktəbinin təsiri aydın hiss olunur. Bütün abşeronlular kimi, Abdulağa müəllim də şeirlər yazır. Onların arasında Səttar Bəhlulzadənin xatirəsinə həsr etdiyi şeirlər xüsusi yer tutur.
Ekspozisiyada daha bir əsər var ki, dünyanın istənilən muzeyində onun müəllifinin azərbaycanlı olduğunu dərhal bilmək olar. Tablo “Mənim anam” adlanır. Payız mənzərəsi - yarpaqlarını tökmüş nar ağacından sallanan meyvələri, salxım söyüd və xalçanı çəpərə atıb, yorğun əllərini yanına salmış Ana. Ağac, Ananın qara kəlağayısı və xalça - bütün bu ştrixlər Vətənin bənzərsiz obrazını canlandırır.
Rəssam deyir ki, o, doğma diyarı gəzib dolaşmağı sevir. Onun əsərlərində Quba, Şamaxı, Zaqatala mənzərələrini görmək, Ağstafaçay sularının şıltaq nəğmələrini duymaq olar.
Sərgidə rəssamın dahi Füzulunun yubileyi münasibətilə çəkdiyi “Şəbi-hicran” tablosu da xüsusi yer tutur. Tutqun səmalı cənub gecəsi fonunda şair sanki dahiyanə misralarını pıçıldayır.