Qoşulmama Hərəkatı Gənclər Təşkilatının nümayəndələri ilə görüş
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 29-da Azərbaycanda səfərdə olan Venesuela Bolivar Respublikasının gənclər və idman naziri Mervin Maldonadonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) nümayəndələri arasında görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gənclər Təşkilatlarının Resurs Mərkəzində təşkil olunan görüşdə QHGT-nin sədri Orduxan Qəhrəmanzadə Resurs Mərkəzində gənclər təşkilatları üçün yaradılan şəraitlə qonaqları tanış edib.
Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteranın da iştirak etdiyi görüşdə qonaqlara QHGT-nin strukturu və missiyası barədə məlumat verilib. Görüş zamanı ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək tədbirlər müzakirə olunub.
Görüşdə QHGT-nin fəaliyyətinin digər Cənubi Amerika ölkələrində genişlənməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. QHGT-nin Venesuela Milli Bölməsinin regionda fəaliyyətinin stimullaşdırılması, habelə yeni əməkdaşlıq formatlarının yaradılmasına verdiyi təkan da xüsusilə vurğulanıb.
Venesuelanın gənclər və idman naziri Mervin Maldonado QHGT-nin sədrinə xatirə hədiyyəsi təqdim edərək QHGT-nin Qoşulmama Hərəkatı gənclərinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdiyini söyləyib.