Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi çaylarında sululuq artmışdır
Bakı, 23 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 23-də çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ölkə ərazisində yağan yağışlar nəticəsində respublikanın əsasən Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 10-30, Lənkəran-Astara bölgəsi çaylarında isə 1-5 santimetr artım qeydə alınmışdır.
Araşdırmanın nəticələrinə əsasən, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 30-60, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin 13 santimetr azaldığı müəyyən edilmişdir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 8 santimetr artım müşahidə edilmişdir.
Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində əsasən artım qeydə alınmışdır.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 295, Şirvanda 122, Salyanda 55, Bankədə 194, Novruzlu məntəqəsində isə 38 santimetrdir.