REGİONLAR
Qubada hüquqşünaslar maarifləndirici təlimlərə cəlb olunublar










Quba, 26 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Hüquq və İnsan Haqları İnstitutunun Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 3-cü və 6-cı maddələrini əks etdirən maarifləndirici təlimləri davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Avropa Şurası ilə birgə əməkdaşlıq çərçivəsində növbəti təlim sentyabrın 26-da Quba şəhərində keçirilib. “AİHK-nın 3-cü maddəsi. Azərbaycanda işgəncələrin qadağan olunması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda keçirilən təlimdə ədliyyə qurumlarının, prokurorluq orqanlarının əməkdaşları, mediatorlar, həmçinin Vəkillər Kollegiyasının üzvləri iştirak ediblər.
Təlimçi Vüsalə Muradxanlı çıxışında AİHK-nın 3-cü maddəsinin mahiyyəti, Avropa Məhkəməsinin müvafiq qərarlarda mövqeyi, eyni zamanda, işgəncə və qeyri-insani rəftar hallarının araşdırılmasında hüquq-mühafizə orqanlarının və məhkəmənin rolunun vacibliyi haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb. Hüquq eksperti Vəfaddin İbayev təqdimatında işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzada aşkar edilmiş hüquq pozuntuları və onların aradan qaldırılması yollarının geniş təhlilini verib.
İştirakçılarla kazusların həlli qrup şəklində işlənilib və təlimin qiymətləndirilməsi həyata keçirilib.
Sonda 19 nəfər təlim iştirakçısına sertifikatlar təqdim edilib.