Qurban Yetirmişli: Türkiyə ilə seysmoloji sahədə əlaqələrin dərinləşdirilməsi əsas prioritetlərdəndir
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) nümayəndələri arasında növbəti görüş keçirilib.
Mərəzin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən keçirilən görüşdə iki qardaş ölkə arasında seysmoloji sahədə əməkdaşlığın genişləndirilməsi, seysmik stansiya məlumatlarının qarşılıqlı mübadiləsi, AFAD-ın Zəlzələ Departamentinin Azərbaycana hədiyyə etdiyi və Şuşa şəhəri ətrafında quraşdırılması nəzərdə tutulan seysmik stansiya ilə bağlı müzakirələr aparılıb. İki ölkə arasında seysmoloji əlaqələrin hazırkı vəziyyəti ilə bağlı AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin baş meneceri, professor Orhan Tatar iştirakçılara məlumat verib.
RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, mərkəz üçün Türkiyə ilə seysmoloji sahədə əlaqələrin dərinləşdirilməsi əsas prioritetlərdəndir. Baş direktor Şuşa şəhəri ətrafında Türkiyə tərəfindən verilən seysmik stansiyanın quraşdırılmasına da toxunub. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinin davam etməsi mərkəzin Qarabağda seysmik stansiyaların quraşdırılması ilə bağlı işlərini ləngidir.
AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin rəhbəri Vali Yunus Sezer bildirib ki, Azərbaycana veriləcək stansiya hazırdır. Yaxın vaxtlarda AFAD-ın nümayəndələri həmin stansiyaların quraşdırılması ətrafında texniki müzakirələri aparmaq üçün Azərbaycana səfər edəcəklər. Müzakirələr zamanı Şuşa ətrafında quraşdırılması nəzərdə tutulan stansiya yerinin seçilməsi, stansiya məlumatlarının qarşılıqlı mübadiləsi və maraq doğuran digər məsələlərə də aydınlıq gətirilib.