QURULTAYIN İKİNCİ GÜNÜ AZƏRBAYCANA HƏSR OLUNACAQ
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, qərarda həmçinin tədbirin Dövlət Komitəsi ilə birgə təşkili nəzərdə tutulmuşdur. ABŞ-da böyük nüfuza malik olan ATAA 57 türk icmasını birləşdirir.
Toplantıda ABŞ-ın və Türkiyənin tanınmış siyasi və dövlət xadimlərinin, o cümlədən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın, bir sıra nazir və millət vəkillərinin, eləcə də ABŞ konqresinin, Amerika və Kanadada fəaliyyət göstərən Azərbaycan və yəhudi diaspor təşkilatları nümayəndələrinin iştirakı gözlənilir. Qurultayda Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun çıxışı planlaşdırılır. Əli Həsənov dövlət başçısı İlham Əliyevin qurultaya ünvanladığı təbrik məktubunu görüş iştirakçılarının diqqətinə çatdıracaq. Azərbaycan nümayəndə heyəti Vaşinqtonda ABŞ-ın bir neçə nüfuzlu yəhudi diaspor təşkilatının rəhbərləri və ABŞ konqresinin nümayəndələri ilə də görüşlər keçirəcəkdir.
Qurultayın ikinci günü bütövlükdə Azərbaycana həsr ediləcək, “Müasir Azərbaycanın dünyada yeri: inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” təşkil olunacaqdır. Tədbirdə Kanada Azərbaycanlıları Assosiasiyasının sədri İlham Axundov, Amerikanın Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri, mədəniyyət naziri Polad Bülbüloğlu, Dövlət Komitəsinin sədri Nazim İbrahimov və jurnalistlər Tomas Qolts, Beydulla Manafov çıxış edəcəklər. Günün ikinci yarısı isə “Türk dili və türk dünyasının ortaq əlifbası” mövzusunda fikir mübadiləsi aparılacaqdır. Bu diskussiyalarda Azərbaycandan Milli Məclisin deputatı, professor Rafael Hüseynov çıxış edəcək, sonda isə Türkiyə və Azərbaycan incəsənət ustaları konsert verəcəklər.
Qurultaydan sonra, fevralın 1-də Nyu-Yorkda Amerikanın Azərbaycan Cəmiyyəti və Dövlət Komitəsinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevi anma mərasiminin keçirilməsi planlaşdırılıb. Mərasimdə ABŞ-da fəaliyyət göstərən Azərbaycan, türk və yəhudi diasporu, eyni zamanda, Amerika ictimaiyyətinin nümayəndələri də iştirak edəcəklər.