Qusar ictimaiyyətinin nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiramlarını bildirmişlər
Qusar, 20 yanvar (AZƏRTAC). Qusarda 20 Yanvar faciəsinin 23-cü ildönümü rayon ictimaiyyəti nümayəndələrinin, icra hakimiyyəti, idarə və müəssisə rəhbərlərinin, hüquq mühafizə orqanları əməkdaşlarının iştirakı ilə qeyd edilmişdir.
Şəhərdəki Şəhidlər xiyabanı ziyarət olunmuş, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən oğullarının əziz xatirəsi ehtiramla yad edilmişdir. Tədbirdə Vətən oğullarının qəhrəmanlığı gələcək nəsillərə örnək kimi təqdim edilmiş, onların qanı bahasına qazanılan müstəqilliyin dönməzliyi və əbədiliyindən söhbət açılmışdır.
Bir fikir qətiyyətlə vurğulanmışdır ki, vaxt keçəcək, nəsillər dəyişəcək, lakin qəhrəman Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Saat 12:00-da isə şəhərdə nəqliyyatın hərəkəti dayandırılmış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.