“RAST” MUĞAM-BALET TAMAŞASININ PREMYERASI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, görkəmli musiqi korifeyi, dirijor və bəstəkar, SSRİ xalq artisti Niyazinin “Rast” simfonik muğamı əsasında balet tamaşası yüksək peşəkar səviyyədə səhnəyə qoyulmuşdur. Azərbaycanın qədim tarixi faktları əsasında qurulmuş ikipərdəli tamaşa qəhrəman qız Tomrisin yadelli işğalçılara qarşı vətənin azadlığı uğrunda mübarizəsinə, bu mübarizədə qılıncın gücü və qadın müdrikliyi ilə qələbə çalmasına həsr olunmuşdur. Yeni tamaşanın ərsəyə gəlməsində və yüksək səviyyədə hazırlanmasında respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, libretto müəllifi istedadlı jurnalist Əjdər Hacıyevin, quruluşçu baletmeyster, xalq artisti Tamilla Şirəliyevanın, musiqi rəhbəri və dirijor, əməkdar incəsənət xadimi Cavanşir Cəfərovun, quruluşçu rəssam, xalq rəssamı Rafiz İsmayılovun, musiqi redaktoru, professor Musa Mirzəyevin, teatrın balet truppasının artistləri, muğam parçalarını ifa edən xanəndələrin, teatr kollektivinin, sponsorların böyük əməyi olmuşdur. Premyera uğurla keçmiş, artistlərin çıxışları hərarətli alqışlarla qarşılanmış, ifaçılara gül-çiçək dəstələri təqdim olunmuşdur.