Rəhim Bayramlı: Süni intellekt dövründə yumşaq bacarıqların əhəmiyyəti artacaq
Bakı, 26 sentyabr, AZƏRTAC
Süni intellektin inkişafı ilə əlaqədar yumşaq bacarıqların (soft skills) əhəmiyyəti hər il daha da artacaq.
AZƏRTAC xəbər verir ki, bunu SABAH.HUB-ın icraçı direktoru Rəhim Bayramlı II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “İnsan kapitalına və gələcək bacarıqlara investisiya” mövzusunda keçirilən paneldə deyib.
Onun sözlərinə görə, insan kapitalının inkişafı digər kapital növləri ilə müqayisədə daha uzun zaman tələb edir.
“Maliyyə kapitalı və infrastruktur daha qısa müddətdə formalaşdırıla bildiyi halda, təhsilin real nəticələri aylar, hətta illərlə deyil, onilliklərlə ölçülür. İqtisadiyyatın bu gün ehtiyac duyduğu kadr tələblərinə uyğun olaraq universitetlərdə proqramların hazırlanması gələcəkdə nəticə verdikdə əmək bazarının özü artıq dəyişmiş ola bilər. Süni intellektin meydana çıxması ilə yumşaq bacarıqların sərt bacarıqlarla müqayisədə əhəmiyyətinin hər il daha da artacağını düşünürəm. Sahibkarlıq fəaliyyəti yalnız şirkət yaratmaqdan ibarət deyil. Bu proses insanlara komanda işi, işə qəbul, satış, müştərilərlə kommunikasiya və daha geniş ictimaiyyətlə əlaqə qurmaq kimi bacarıqlar qazandırır. Hətta yaratdığınız müəssisə sonda uğursuz olsa belə, əmək bazarına özünüzlə aparacağınız bacarıqlar daha dəyərli olacaq. Çünki keçdiyiniz sahibkarlıq yolu eyni zamanda, təhsil yoludur”, - deyə Rəhim Bayramlı vurğulayıb.
Fotoqraflar - Nicat Haşimov, Azər İbrahimov
Video - Ələkbər Baxşıyev