Rektor: İxtisaslı kadrların hazırlanması inklüziv təhsilin keyfiyyətinə birbaşa təsir edir
Bakı, 24 aprel, AZƏRTAC
Autizm sahəsində ali təhsil müəssisələrinin üzərinə ciddi və məsuliyyətli yük düşür. Savadlı və ixtisaslı kadrların hazırlanması inklüziv təhsilin keyfiyyətli şəkildə inkişafına birbaşa təsir edən əsas amillərdəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Bakıda keçirilən Beynəlxalq Autizm Konfransının açılış mərasimində deyib.
Rektor ali təhsil sisteminin bu məsələdə təkcə elmi bilik verməklə kifayətlənmədiyinə diqqət çəkib: “Biz, eyni zamanda, fərqli fərdlərin cəmiyyətə inteqrasiyası üçün uyğun şərait yaradan mütəxəssislər yetişdirməliyik. Çünki fərqlilik dəyərdir və bu dəyər düzgün yönləndirildikdə böyük nəticələr doğurur.
Bakı Slavyan Universitetində də bu istiqamətdə bir sıra uğurlu addımlar atılır. Hazırda universitetimizdə inklüziv təhsil sahəsində müxtəlif yeni layihələr həyata keçirilir. Əsas məqsədimiz peşəkar və dərin ixtisas biliklərinə malik mütəxəssislərin hazırlanmasıdır”.
A.Nağıyev qeyd edib ki, bu kadrlar yalnız Bakıda deyil, ölkənin müxtəlif regionlarında da fəaliyyət göstərməlidir: “İnklüziv təhsildə mütəxəssis çatışmazlığı ilə bağlı bir sıra yeni layihələr mövcuddur.
Əminəm ki, bu tədbir həm təhsil, həm də sosial dəstək sahəsində çalışan hər bir qurum üçün istiqamətverici olacaq. Fərqli fərdləri cəmiyyətə qazandırmaq, onların potensiallarını ortaya çıxarmaq bizim ortaq vəzifəmizdir”.