Respublika Veteranlar Təşkilatında “Azərbaycan Bayrağı” ordenli zabitlə görüş keçirilib
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşəbbüsü ilə Vətən müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli leytenant Abdulla Əliyevlə görüş keçirilib.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, görüşdə təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edərək möhtəşəm zəfərlərlə tarix yazan yenilməz Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsini Şanlı Qələbə ilə başa vurduğunu və düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur etdiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, İkinci Qarabağ müharibəsi xalqımızın qürurunu, vüqarını, özünəinamını qaytarıb. Bu müharibədə igid Azərbaycan oğulları öz qəhrəmanlıqları ilə nəinki bugünkü nəsil, eyni zamanda, gələcək nəsillər üçün daim fəxr edib, qürur duyacağımız şanlı tarix yazıblar. Elə bir tarix ki, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq bu Vətən müharibəsi Azərbaycan xalqının qan yaddaşında və tarixində qızıl hərflərlə həkk olunacaq. Bugünkü nəsil xoşbəxtdir ki, bu şanlı tarixin yazılmasına şahidlik edib. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Bu müharibədə qəhrəman oğullarımız şəhadətə qovuşaraq ölümsüzlük qazanıblar.
Bildirilib ki, Azərbaycan xalqının ən yeni tarixinə adlarını yazdıran leytenant Abdulla Əliyev və onun timsalında minlərlə qəhrəmanımız hər zaman iftixarla xatırlanacaqlar. Biz veteranlar bundan sonra da onların Vətənimizin ərazi bütövlüyünü, dövlətimizin müstəqilliyini qoruyacaqlarına yekdilliklə əminik.
Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev “Azərbaycan Bayrağı” ordenli leytenant Abdulla Əliyev və onun kimi minlərlə Vətən övladı ilə xalqımızın qürur duyduğunu deyib.
Qəhrəmanın atası Elşən Əliyevin isə Əfqanıstan veteranı kimi hər zaman oğluna Vətən sevgisini, millət təəssübkeşliyini aşıladığını vurğulayıb. Azərbaycan xalqının birliyinin və məğlubedilməzliyinin simvolu olan Vətən müharibəsindəki Şanlı Qələbənin gələcəyimizi işıqlandıracağını bildirib.
Respublika Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Təşkilatın təsis etdiyi “Həzi Aslanov” yubiley medalını, Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev isə rəhbərlik etdiyi qurumun təsis etdiyi medalı və mükafatı leytenant Abdulla Əliyevə təqdim ediblər.