RUMINİYA-AZƏRBAYCAN DOSTLUQ CƏMİYYƏTİ ERMƏNİLƏRİN İŞĞALÇILIQ SİYASƏTİNİ PİSLƏYİR
AZƏRTAC xəbər verir ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Buxarestə səfər çərçivəsində bu ölkədəki Azərbaycan icması və lobbi təşkilatlarının nümayəndələri ilə görüşmüşlər.
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin və Rumıniya-Azərbaycan Gənclər və Dostluq Assosiasiyasının təmsilçilərinin də iştirak etdiyi tədbirdə Dövlət Komitəsinin nümayəndələri Azərbaycan və onun tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, acı nəticələri, hazırda regionda gedən proseslər barədə ətraflı məlumat vermişlər.
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi, sabiq senator İoan Pop de Popa ölkəsində iki xalq arasında mədəni əlaqələrin genişləndirilməsi sahəsində görülən işlərdən danışmış, indiyə qədər təşkilatın xətti ilə bir çox rumın müəlliflərin əsərlərinin Azərbaycan, Azərbaycan yazıçılarının əsərlərinin isə rumın dilinə tərcümə edildiyini mədəni əlaqələrin getdikcə genişləndirildiyini bildirmiş, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğalı ilə Bessarabiya və Dnestryanı problemlər arasında paralellər aparmışdır. Cəmiyyətin üzvü yazıçı-tərcüməçi Dumitru Balan isə Azərbaycan-Türkiyə diaspor təşkilatlarının Bakıda keçirilmiş birgə forumundan aldığı təəssüratları bölüşmüş və Buxarestdə Heydər Əliyev parkında aparılan abadlıq işləri haqqında məlumat vermişdir.
Tədbirin sonunda Rumıniyadakı diaspor təşkilatları adından qondarma “erməni soyqırımı” ətrafında aparılan yalan təbliğatı pisləyən müraciət qəbul olunmuşdur.